img
YÜKLƏNİR...

Xəzərin dibi ilə Azərbaycan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Xəzərin dibi ilə Azərbaycan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib
Xəzərin dibi ilə Azərbaycan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib.

28 noyabr 2019-cu il tarixdə Türkmənistanın Aşqabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilib.

Dövlətlərarası sazişə əsasən, Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik kabel xətti) çəkilişi Azərbaycan tərəfdən ölkəni beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfindən icra ediləcək. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.

Ümumi uzunluğu 300 km olacaq magistral kabel xətti 2-4 terabit/s həcmində məlumatların ötürülməsinə imkan verəcək və Avropanın internet mərkəzi Frankfurtla Hindistanın Mumbay şəhərləri arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunu (Digital Silk Way) formalaşdıracaq. Magistral xətt Avropadan internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək.

“AzerTelecom” şirkətinin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icra edilən və Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilişini, ümumilikdə isə Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunun yaradılmasını nəzərdə tutan layihə iki istiqamətdən – Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Artıq Azərbaycan və Qazaxıstan arasında uzunluğu 400 km olan Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic - TCFO) çəkilməsi ilə bağlı operatorlar arasında müqavilə və iki ölkə arasında dövlətlərarası saziş mövcuddur.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

Azərbaycan - dünyanın yeni rəqəmsal mərkəzi